Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.
Səfərin ikinci günündə diplomatlar Ağdərə rayonunun Vəngli kəndi yaxınlığındakı Gəncəsər Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Nümayəndələrə monastır komplekslərinin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib. Diplomatlar daha sonra komplekslərə baxış keçiriblər.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar. Onlar daha sonra Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər.
Bu, xarici diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəri olub.
Mütəmadi səfərlərin məqsədi diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, regionun sosial-iqtisadi inkişafı və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olmalarıdır.










Mənbə: anews.az