Image

AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib

Mediada “Hipp” əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhərinin aşkarlanması ilə bağlı yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb. Agentlikdən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən uyğunsuzluq faktı Avstriyada qeydə alınıb və məsələ həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən kriminal hal kimi araşdırılır. AQTA-nın məlumatına görə, məhsulların bəzilərində qablaşdırmaya müdaxilə edildiyi ehtimal olunur. Bu isə hadisənin istehsal mərhələsində deyil, paylanma və ya pərakəndə satış zəncirində qəsdən törədilmiş təxribat xarakteri daşıdığını göstərir. “Uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib”, -  AQTA vurğulayıb. Agentlik qeyd edib ki, hazırda digər qablaşdırmada satışı həyata keçirilən məhsullar ölkəyə idxal olunarkən müvafiq qaydada yoxlanılıb və yalnız bundan sonra dövriyyəsinə icazə verilib. Bununla yanaşı, məsələnin həssaslığı və mediada geniş yayılması nəzərə alınaraq, AQTA müfəttişləri tərəfindən satışda olan həmin məhsullardan təkrar nümunələrin götürülməsi nəzərdə tutulur. “Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - agentlik bildirib. Gülnar Nazimqızı

Xəbər lenti

Əli Əsədov iclas keçirib