Deputat əmlak sığortasının məcburi olmasını təklif edir
Deputat Razi Nurullayev yaşayış evləri və obyektlər üçün əmlak sığortasının yenidən məcburi tətbiq edilməsini təklif edir.
Deputatın sözlərinə görə, təmsil etdiyi İmişli rayonunda vətəndaşlarla görüşlər zamanı mütəmadi olaraq yanğın nəticəsində zərər görmüş ev və obyekt sahibləri ilə qarşılaşır.
“Demək olar ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir”, – Nurullayev bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş ailələrə əmlak sığortasının olub-olmaması ilə bağlı verilən sualın cavabı əksər hallarda mənfi olur.
Deputat qeyd edib ki, əmlak sığortasının illik dəyəri təxminən 40-50 manat təşkil etsə də, sığortanın olmaması nəticəsində vətəndaşlar baş verən hadisələr zamanı bütün əmlaklarını itirmək riski ilə üzləşirlər.
Deputatın fikrincə, əmlak sığortasının məcburi tətbiqinin genişləndirilməsi vətəndaşların maliyyə risklərini azaltmağa, eyni zamanda fövqəladə hadisələrdən sonra dövlət üzərinə düşən əlavə yükün azalmasına kömək edə bilər.
Gülnar Nazimqızı
Mənbə: anews.az