Image

Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

Sifarişlə qəsdən adam öldürməni təşkil etməkdə şübhəli bilinən və beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Ruslan Ələsgərov Moldovadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun məlumatına görə, Ələsgərovun ekstradisiyası Azərbaycan tərəfinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Samux Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Ruslan Ələsgərovun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub.

İstintaqdan yayınaraq gizləndiyinə görə Ələsgərov beynəlxalq axtarışa verilib. O, Moldovada saxlanıldıqdan sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Sözügedən cinayət işi üzrə daha əvvəl iki nəfər barəsində ibtidai istintaq yekunlaşdırılaraq iş baxılması üçün məhkəməyə göndərilib. İstintaqın məlumatına görə, Elvin Mehdiyev qətlin icraçısı, Tural Yusifov isə köməkçisi olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdiyev 18 il, Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ələsgərova qarşı irəli sürülən ittiham üzrə məhkəmə hökmü yoxdur və onun təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilməyib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq