Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri 2026–2031-ci illərin prioriteti elan edib
Ermənistan hökuməti ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramını təqdim edib. Sənəddə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, eləcə də regional əməkdaşlığın genişləndirilməsi əsas xarici siyasət istiqamətləri kimi müəyyənləşdirilib.
Proqrama əsasən, rəsmi İrəvan Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üzrə işləri davam etdirmək, habelə dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesini yekunlaşdırmaq niyyətindədir. Eyni zamanda, iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasların fəallaşdırılması, biznes əlaqələrinin qurulması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması hədəflənir.
Türkiyə istiqamətində isə diplomatik münasibətlərin qurulması, dövlət sərhədinin açılması, ən azı iki müasir buraxılış məntəqəsinin istifadəyə verilməsi, həmçinin nəqliyyat, energetika və rəqəmsal infrastrukturun bərpası və genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə və referenduma çıxarılması, növbəti beş ildə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığın daha da dərinləşdirilməsi planları əksini tapıb.
N.Təbrizli
Mənbə: anews.az