Paşinyana məlumat ötürür deyən şəxsi qohumu məhkəməyə verdi
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi qohumunu “ermənilərə işləməkdə” və “Paşinyana məlumat ötürməkdə” ittiham edən şəxsin təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə verilməsi üzrə işə baxıb və ona bəraət verib.
İş materiallarına görə, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslardan birində baş verib.
İddiaçının sözlərinə görə, şahid qismində ifadə verən qohumu B.D. onun ünvanına “erməniyə işləyir, Paşinyana məlumat ötürür” və digər ifadələr işlədərək onu təhqir və böhtan atıb.
Məhkəmə araşdırması zamanı B.D. bəzi ifadələri işlətdiyini təsdiqləyib, lakin təhqirə yol vermədiyini bildirib.
İclas zamanı hadisə yerinə aid videogörüntülərə baxılıb. Görüntülərdə B.D.-nin “Paşinyan kimi binədə elə gəzir, camaata sataşır” ifadəsini işlətdiyi müəyyən edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə B.D.-nin əməlində Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilməyib və ona bəraət verilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az