Qətər müharibə səbəbindən 24 milyard dollar qaz gəlirindən məhrum olub
ABŞ-İran müharibəsinin başlamasından altı ay sonra Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 96% azalıb və ölkə təxminən 24 milyard dollar gəlir itirib. Bu barədə reuters məlumat yayıb.
Bu məbləğ Qətərin 2025-ci il göstəriciləri əsasında təxminən beş aylıq milli gəlirinə bərabərdir.
Məlumata görə, Qətər son altı ayda cəmi 18 LNG yükü ixrac edib. Ötən ilin eyni dövründə isə bu göstərici 509 olub.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveytin neft ixracı da münaqişədən təsirlənib, lakin azalma Qətərdəki qədər kəskin olmayıb.
Qətərin LNG ixracının əsas marşrutu Hörmüz boğazından keçir. Reuters hesablamalarına görə, qonşu Körfəz ölkələri neft ixracını alternativ və gizli marşrutlarla qismən davam etdirə bildiyi halda, Qətərin qaz ixracı daha ciddi məhdudlaşıb.
Münaqişədən əvvəl Qətər dünya üzrə gündəlik LNG tələbatının təxminən 20%-ni təmin edirdi.
Qətərin ixracındakı kəskin azalma ABŞ-dan LNG tədarükünün artması ilə qismən kompensasiya edilib. Bununla belə, Avropada qaz anbarlarında ehtiyatların ilin bu dövrü üçün rekord aşağı səviyyəyə düşməsi qarşıdakı qışda qiymət artımı riskini artırır.
Gülnar Nazimqızı
Mənbə: anews.az