Image

“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib

Bakı Apellyasiya Məhkəməsi əmək qanunvericiliyinə dövlət nəzarətinin həyata keçirilməsinə mane olmaqda təqsirli bilinən “Bus Service” MMC və onun direktoru Teymur İsmayılov barəsində qərarı qüvvədə saxlayıb.

Plat.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsi şirkəti 2,000 manat, direktorunu isə 1,000 manat cərimələyib. Cərimələr şərti tətbiq olunub və pozuntunun aradan qaldırılması üçün iki ay vaxt verilib.

İş materiallarına əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş şikayəti ilə bağlı şirkətdən əməkhaqqının hesablanması və iş vaxtının uçotu cədvəlləri daxil olmaqla bir sıra sənədləri tələb edib. Şirkətin təqdim etdiyi sənədlərin natamam olduğu müəyyənləşdirilib.

Bundan sonra şirkət və direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqanın fəaliyyətinə mane olmanı nəzərdə tutan 539.3-cü maddəsi ilə protokollar tərtib edilib.

İsmayılov birinci instansiya məhkəməsinin qərarının ləğvini və işə xitam verilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyərək qərarı dəyişdirmədən saxlayıb.

Pozuntu iki ay ərzində aradan qaldırılmasa, cərimələr tətbiq ediləcək. Cərimənin ödənilməsi şirkəti tələb olunan sənədləri təqdim etmək öhdəliyindən azad etməyəcək.

“Bus Service” AYNA-nın müsabiqələri əsasında Bakı və ətraf qəsəbələrdə 105, 117, 137 və 533 nömrəli marşrutlar üzrə sərnişindaşıma həyata keçirir.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb