Ağasəlim Mircavadov: "Qarabağ" gücə və sürətə qarşı oynayacaq"
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində gücə və sürətə qarşı oynayacaq.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib:
"İnam həmişə olmalıdır. Ümidli danışmasaq, o zaman "Qarabağ" buralara qədər gəlib çıxmazdı. Deməli, inam var. Mən rəqib kimi PSJ-ni istəyirdim. Çünki onlar daha açıq futbol oynayırlar, daha çox ötürmələrə, ağıllı taktikaya üstünlük verirlər. Həmçinin rəqibə də oynamağa imkan verirlər. Hansı ki, "Qarabağ" da bu üslubda oynayır. "Nyukasl" isə güc və sürətə söykənən futbol nümayiş etdirən tipik İngiltərə klubudur. "Liverpul"la oyunda da bunu gördük. Onları çox yaxşı təhlil etmək lazımdır. Xüsusən də hansı zonada necə oynadıqlarına diqqət yetirilməlidir. "Qarabağ" gücə və sürətə qarşı oynayacaq. Hər futbolçu indidən buna hazır olmalıdır".
Mütəxəssis Azərbaycan çempionunun təcrübəli olduğunu bildirib:
"Qarşıda çempionat oyunları var. Bu müddətdə həm məşqlərdə, həm də oyunlarda daha çox işləmək lazımdır. Bununla yanaşı, futbolçular böyük stadionda xeyli sayda azarkeş önünə çıxacaqlar. "Ayntraxt" və "Liverpul"la oyunlarda böyük fərqlər var idi. İngilis azarkeşlər çox çılğındırlar, onlar stadiona 2 saatlıq istirahətə gəlirlər. Lakin "Qarabağ" son illərdə bu cür klublara qarşı çox oynayıb və futbolçularımız artıq belə təzyiqlərə hazırdırlar. "Qarabağ" çox böyük işlər görüb. "Napoli" (İtaliya), "Atletik" (İspaniya) kimi böyük klublar geridə qalıbsa, bu, inkişafın göstəricisidir. Təkcə "Qarabağ" yox, digər klublarımız da Avropada oynamalıdırlar ki, inkişaf yolu davam etsin".
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək.
Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.