Sərnişinlər ödəniş qəbzlərində marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər
İctimai nəqliyyatda bank kartı ilə ödəniş edən sərnişinlər artıq qəbzlərdə gedişin həyata keçirildiyi marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.Bu barədə "Bakıkart"dan məlumat verilib.
Şirkətin məlumatına görə, yeni funksionallıq istifadəçilərə ödəniş əməliyyatlarını daha rahat izləməyə və onların hansı marşrut və ya metro stansiyasına aid olduğunu müəyyən etməyə imkan verəcək.
"Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı şəkildə təqdim olunmasına xidmət edir", – məlumatda qeyd olunub.
"Bakıkart" bildirib ki, funksionallığın bir hissəsi ötən aydan etibarən "Birbank" mobil tətbiqində aktivdir. İstifadəçilər qəbzlərdə əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.
Məlumata görə, yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan müəyyən etməsinə imkan verəcək.
Mənbə: anews.az