Ştat ləğv edildiyi üçün veteranın oğlu işdən çıxarılıb - Bakı Metropoliteni
“Bakı Metropoliteni” QSC I Qarabağ müharibəsi veteranı Elşad Sadıqovun oğlu Böyükağa Sadıqovun işdən azad edilməsi ilə bağlı açıqlama verib.
Məsələ ilə bağlı Pravda.az-ın sorğusuna cavab olaraq qurum bildirib ki, Böyükağa Sadıqovun çalışdığı “Mühafizə departamenti, Müşahidə bölməsində müşahidə operatoru” ştatı ixtisar edilib.
Metropolitenin məlumatına görə, ixtisar qərarı QSC-nin Müşahidə Şurasının 6 aprel 2026-cı il tarixli qərarı ilə təsdiqlənmiş yeni struktur və ştat cədvəlinə əsasən qəbul edilib.
Qurum bildirib ki, işçinin işdən çıxarılması ilə bağlı Metropoliten İşçilərinin Həmkarlar İttifaqı Birliyinin qabaqcadan razılığı alınıb və onun stajına uyğun olaraq 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq edilib.
Bildirişdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə- ştatların ixtisarına əsasən xitam veriləcəyi və işçiyə orta aylıq əməkhaqqının azı iki misli məbləğində işdənçıxarma müavinəti ödəniləcəyi qeyd olunub.
“Bakı Metropoliteni” həmçinin bildirib ki, Böyükağa Sadıqova xəbərdarlıq müddətini gözləmədən, orta aylıq əməkhaqqının iki misli ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilib. Qurumun sözlərinə görə, Sadıqov yazılı müraciət edərək əmək müqaviləsinə 30 iyul 2026-cı ildən xitam verilməsini istəyib.
Mənbə: anews.az