Azərbaycanda pensiya ödənişlərinə ayrılan vəsait 10% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə 4 milyard 568 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% və ya 426 milyon manat çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Cari ilin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb.
Avqustun 1-nə ölkə üzrə orta aylıq pensiya məbləği illik müqayisədə 10% artaraq 595 manata, yaşa görə orta aylıq pensiya isə 633 manata çatıb.
Yanvar-iyul aylarında 25 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Elektron pensiya təyinatı sistemi 2019-cu ilin əvvəlindən tətbiq olunur. Həmin vaxtdan etibarən ümumilikdə 203 min pensiya vətəndaşların müraciəti olmadan, elektron sistem üzərindən proaktiv qaydada təyin edilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az