Pakistan xəstəxanasında yanğın: 15 yeni doğulmuş körpə ölüb
Pakistanın paytaxtı İslamabadda Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) xəstəxanasında baş verən yanğın nəticəsində ən azı 15 yeni doğulmuş körpə ölüb.
Geo TV-nin məlumatına görə, yanğın xəstəxananın ana və uşaq sağlamlığı şöbəsinin yenidoğulmuşlar bölməsində baş verib. Hadisə zamanı bölmədə 16 körpə olub və onlardan yalnız biri xilas edilib.
İlkin məlumata görə, yanğın kondisioner sistemində yaranan nasazlıq nəticəsində baş verib. Reuters-in yerli telekanala istinadən yaydığı məlumata görə, yanğın səhər saatlarında şöbənin üçüncü mərtəbəsində başlayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı təcili araşdırma aparılması və məsul şəxslər barəsində tədbir görülməsi barədə göstəriş verib.
İlkin xəbərlərdə ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər yayılıb. Associated Press rəsmi məlumatlara istinadən 14 körpənin öldüyünü, Reuters və Geo TV isə 15 ölüm barədə məlumat yayıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az