Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın avqustun 26-da doğum günüdür.
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda anadan olub. O, 1981-ci ildə Bakı şəhər 23 nömrəli orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əliyeva 1988-1990-cı illərdə həmin institutda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışıb.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda fonda rəhbərlik edir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan - İrs” jurnalını yaradıb.
Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir.
O, 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı seçilib. 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub və bununla əlaqədar həmin il martın 6-da deputat səlahiyyətlərinə xitam verilib.
O, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, 2013-cü ildən partiya sədrinin müavini, 2021-ci ildən isə sədrin birinci müavinidir.
Mənbə: anews.az