ABŞ Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinə əməkdaşlarını qaytarmağa başlayıb
ABŞ İranla münaqişə fonunda təxliyə edilən və ya əməkdaşlarının sayı azaldılan Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinə işçilərini qaytarmağa başlayıb. Bu barədə Reuters iki mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, əməkdaşların Livan, İsrail, Səudiyyə Ərəbistanı və İraqın paytaxtı Bağdaddakı diplomatik nümayəndəliklərə mərhələli şəkildə qayıtması nəzərdə tutulur. Ər-Riyaddakı ABŞ nümayəndəliyinin əməkdaşlarının ailə üzvlərinin də geri dönməsinə icazə veriləcək.
ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki diplomatik nümayəndəliklərdə təhlükəsizlik vəziyyətini qiymətləndirməyə davam etdiyini və əməkdaşların sayının buna uyğun tənzimləndiyini bildirib.
Bəzi nümayəndəliklərin ilkin mərhələdə tam gücü ilə fəaliyyət göstərməyəcəyi bildirilir. Reuters-in məlumatına görə, müəyyən diplomatik postlarda əməkdaşların sayı təsdiqlənmiş ştatın 85 faizini, bəzi digər postlarda isə 75 faizini keçməyəcək.
ABŞ-ın bu addımı Vaşinqtonun İranla münaqişənin yaxın perspektivdə yenidən genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsi riskini əvvəlkindən daha aşağı qiymətləndirdiyini göstərə bilər. Bununla belə, regionda gərginlik tam aradan qalxmayıb.
ABŞ bu il İranla müharibə fonunda Yaxın Şərqdəki bir sıra diplomatik nümayəndəliklərindən qeyri-məcburi əməkdaşları və ailə üzvlərini təxliyə etmiş, bəzi postlarda fəaliyyətin miqyasını azaltmışdı.
Gülnar Nazimqızı
Mənbə: anews.az