Rusiya XİN Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolları ilə bağlı müraciətinə baxır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycana aparan dəmir yolu hissələrinin təmiri ilə bağlı müraciətləri operativ şəkildə araşdırılır.
Zaxarova brifinqdə deyib ki, Rusiya tərəfi erməni tərəfdaşlarla, o cümlədən iqtisadi blok üzrə əlaqə saxlayır və Yerevandan daxil olan bütün sorğular müvafiq qurumlar tərəfindən dərhal işlənir.
Onun sözlərinə görə, Rusiya Dəmir Yollarının təcrübəsi nəzərə alınmaqla Moskva “Tramp marşrutu”na qoşulma imkanlarını müzakirə etməyə hazırdır. Zaxarova layihənin hələ ilkin mərhələdə olduğunu və daha detallı işlənməyə ehtiyac duyduğunu vurğulayıb.
Nazirlik sözçüsü əlavə edib ki, Moskva mümkün inteqrasiya variantlarını araşdırmağa hazır olduğunu təsdiqləyir və bütün maraqlı qurumların iştirakı ilə ətraflı məsləhətləşmələrin aparılması təklifi qüvvədə qalır.
“İrəvana bütün maraqlı departamentlərin iştirakı ilə əsaslı məsləhətləşmələr aparmaq təklifimiz qüvvədə qalır”, – Zaxarova bildirib