ABŞ səfirliyi Azərbaycanda işçi axtarır - illik maaş 40 min manat
ABŞ-ın Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin nümayəndəsi vəzifəsinə işçi qəbul edir.
Səfirliyin sosial şəbəkə hesabında yayımladığı elana görə, vəzifəyə seçilən şəxs səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək, sorğuları aidiyyəti şöbələrə yönləndirəcək və səfirlik əməkdaşlarına operativ xidmət göstərilməsinə kömək edəcək.
Namizədin ən azı iki il universitet təhsili və inzibati və ya müştəri xidmətləri sahəsində minimum altı aylıq iş təcrübəsi olmalıdır. Həmçinin ingilis, Azərbaycan və rus dillərini yaxşı iş səviyyəsində bilməsi tələb olunur.
Vakansiya üzrə illik əməkhaqqı 23 575 ABŞ dolları, yəni hazırkı məzənnə ilə təxminən 40 min manat təşkil edir.
ABŞ diplomatik nümayəndəliklərində yerli əməkdaşlar inzibati, konsulluq, təhlükəsizlik, müştəri xidmətləri və digər istiqamətlər üzrə fəaliyyət göstərirlər. Yerli əməkdaşlar üçün əməkhaqqı və iş şərtləri konkret vəzifə və səfirliyin müəyyən etdiyi tariflərə əsasən formalaşdırılır.
Mənbə: anews.az