Image

Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanın etimadnaməsini qəbul edib.

Səfir görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirib. O, əməkdaşlığın bərpaolunan enerji, müdafiə, aviasiya və təhsil sahələrində genişləndirilməsində maraqlı olduqlarını deyib.

Norman Azərbaycanın Ermənistanla sülh prosesində əldə etdiyi irəliləyişlərin Böyük Britaniya hökuməti tərəfindən dəstəkləndiyini bildirib. O, həmçinin Böyük Britaniyanın Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaşlardan biri olduğunu vurğulayıb.

İlham Əliyev isə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının təxminən 30 il əvvəl enerji sektorundan başladığını xatırladaraq, hazırda xüsusilə bərpaolunan enerji sahəsində yeni imkanların yarandığını bildirib. Prezident Azərbaycanın ilk Günəş Elektrik Stansiyasının BP tərəfindən inşa edildiyini qeyd edib.

Dövlət başçısı minatəmizləmə sahəsində göstərilən dəstəyə görə Böyük Britaniyaya təşəkkür edib və Azərbaycanın bu istiqamətdə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac duyduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub. İlham Əliyev regiondakı vəziyyət nəzərə alınmaqla təhlükəsizliyin Azərbaycanın gündəliyində prioritet olaraq qalacağını deyib.

 

Mənbə: anews.az

Xəbər lenti