XİN Prezidentə qarşı ifadələrə görə Rusiyaya etiraz edib
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə nazirlik məlumat yayıb.
Görüşdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən açıqlamalara görə Bakının etirazı çatdırılıb.
Azərbaycan XİN-in məlumatına görə, son dövrdə Rusiya mediasında və informasiya resurslarında yayımlanan bəzi materiallarda təxribatçı, təhqiramiz və təhdid xarakterli ifadələrə yol verilib.
Nazirlik xüsusilə avqustun 13-də “Çastota ponimaniya” layihəsində, avqustun 7-də “Sputnik” radiosunda, avqustun 9-da “YouTube” platformasında və avqustun 16-da “Spas” telekanalında yayımlanan materiallara diqqət çəkib.
Azərbaycan tərəfi həmçinin ölkənin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsini və Azərbaycan xalqı ilə rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışların səsləndirilməsini qəbuledilməz hesab etdiyini bildirib.
XİN qeyd edib ki, bu məsələlərlə bağlı Azərbaycan tərəfinin əvvəlki çağırışlarına və müxtəlif siyasi səviyyələrdə aparılan müzakirələrə baxmayaraq, anti-Azərbaycan ritorikası daha sərt formada davam edir.
Nazirlik Rusiya tərəfdən Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasının dayandırılması üçün təxirəsalınmaz və təsirli tədbirlər görülməsini gözlədiyini bildirib.
Mənbə: anews.az