Image

Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir - SN

 

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir, avqustun 15-dən yeni yoluxma halı qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, Samux rayonunun Alıuşağı kəndində qarayara hadisəsi qeydə alındıqdan sonra aidiyyəti qurumlar tərəfindən epidemioloji və profilaktik tədbirlər həyata keçirilib.

Xəstəliklə təmasda olan şəxslər müəyyən edilərək tibbi müşahidəyə götürülüb və laborator müayinələr aparılıb. Hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma keçirilib, laborator müayinə üçün nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən, 15 avqust 2026-cı ildən yeni yoluxma halı müəyyən edilməyib. Təmasda olan şəxslər arasında da yeni yoluxma aşkarlanmayıb.

Hazırda xəstəlik aşkarlanan şəxslər tibb müəssisələrində müalicə alır. Təmasda olan şəxslərlə bağlı zəruri tibbi müşahidə və digər tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyi bildirib ki, hadisə ilə əlaqədar xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə profilaktik və əks-epidemik tədbirlər görülüb.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxuma və məhsulları ilə təmas nəticəsində insanlara keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Səhiyyə Nazirliyi Samux rayonunda epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Mənbə: anews.az

Xəbər lenti