Britaniya səfiri: İnsan hüquqları ilə bağlı narahatlıqları Azərbaycanla məxfi müzakirə edirik
Böyük Britaniya Azərbaycanda insan hüquqları ilə bağlı mümkün narahatlıqlarını ictimai şəkildə deyil, ikitərəfli və məxfi dialoq çərçivəsində qaldırmağa üstünlük verir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib. “Biz Azərbaycanla yaxşı dostuq. Lakin hətta dostlar da bəzən məsələlərə fərqli baxırlar"- Norman deyib. Onun sözlərinə görə, London insan hüquqları ilə bağlı narahatlıq doğuran məsələləri Azərbaycan tərəfi ilə birbaşa müzakirə edir. “İnsan hüquqları ilə bağlı hər hansı narahatlığımız olarsa, bunu ictimaiyyətə açıq şəkildə deyil, yalnız ikitərəfli, məxfi dialoq çərçivəsində qaldıracağıq",- səfir bildirib. Norman deyib ki, Britaniya uzun müddətdir bu yanaşmadan istifadə edir və onu davam etdirmək niyyətindədir. “Düşünürük ki, bu, həm doğru yanaşmadır, həm də daha uğurlu nəticə vermək ehtimalı yüksəkdir,” - o əlavə edib. Gülnar Nazimqızı
Mənbə: anews.az