Stiv Cobsun "NeXT" şirkətini ABŞ kəşfiyyatının gizli sifarişi xilas edib
1980-ci illərdə Stiv Cobsun təsis etdiyi "NeXT" kompüter şirkəti ABŞ xüsusi xidmət orqanlarının irihəcmli gizli sifarişi sayəsində ayaqda qalıb və inkişaf edib. Bu barədə "Vesti.az" dünya mediasına istinadən xəbər verir.
"The Wall Street Journal" qəzetinin keçmiş jurnalisti Şeron Veynbergerin kitabına əsasən, 1985-ci ildə "Apple"dan ayrılan Cobsun yaratdığı "NeXT" kompüterləri yüksək qiymətinə görə kommersiya bazarında zəif satılırdı.
Şirkətin böhran keçirdiyi bir vaxtda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) bir il ərzində təxminən 20 min iş stansiyasının alınması üçün müraciət edib. İstehsalı təcili artırmaq məqsədilə ABŞ hökuməti ilə çalışan "Sun Microsystems" mütəxəssisləri cəlb edilib.
Modernləşdirilmiş "NeXT" kompüterləri ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi (NRO) tərəfindən peyk çəkilişlərinin təhlili və ölkə rəhbərliyi üçün hesabatların hazırlanmasında istifadə olunub. Məhz bu iri dövlət sifarişi "NeXT"in inkişafına təkan verib, sonradan "Apple" tərəfindən satın alınmasına və onun əməliyyat sisteminin "macOS"un təməlinə çevrilərək Stiv Cobsun "Apple"a triumfal qayıdışına zəmin yaradıb.
N.Təbrizli
Mənbə: anews.az