Qazaxıstanda parlament seçkiləri keçirilir
Bu gün Qazaxıstanda yeni birpalatalı parlamentə – Qurultaya seçkilər keçirilir. Yeddi siyasi partiyanın 545 namizədi 145 deputat mandatı uğrunda mübarizə aparır.
Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə 12,6 milyondan çox seçicinin iştirak etmək hüququ var.
Ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə Qazaxıstanın 61 ölkədəki diplomatik nümayəndəliklərində də keçirilir.
Seçkilər yalnız partiya siyahıları üzrə keçirilir. Səslərin ən azı 5%-ni qazanan siyasi partiyalar parlamentdə mandat əldə edə biləcəklər.
Seçkilərdə yeddi siyasi partiya – "Amanat", "Respublica", Qazaxıstan Xalq Partiyası, "Aul", "Ak Jol", Milli Sosial Demokrat Partiyası və "Baytak" iştirak edir.
Səsverməni 42 ölkədən 777 beynəlxalq müşahidəçi və 13 beynəlxalq təşkilat, o cümlədən ATƏT, MDB, ŞƏT və Türk Dövlətləri Təşkilatı izləyir.
Səslərin hesablanmasından sonra Qurultayın yeni tərkibi formalaşacaq. Parlament 145 deputatdan ibarət olacaq və onların səlahiyyət müddəti beş il təşkil edəcək.
Mənbə: anews.az