Image

Azad edilmiş ərazilərdə bir həftədə 746 mina və partlayıcı sursat zərərsizləşdirilib

Azərbaycanın azad edilmiş ərazilərində avqustun 10-dan 16-dək 25 tank əleyhinə mina, 107 piyada əleyhinə mina və 614 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın həftəlik məlumatına görə, hesabat dövründə ümumilikdə 746 mina və partlayıcı hərbi sursat zərərsizləşdirilib, 1 700,4 hektar ərazi minalardan təmizlənib.

ANAMA-nın statistikası göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.

Qurumun məlumatına əsasən, müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.

Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.

Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.

Gülnar Nazimqızı

 

Mənbə: anews.az

Xəbər lenti