Image

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2 milyard manatdan çox artıb

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı il iyulun 1-nə 17 milyard 823,6 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% və ya təxminən 2,39 milyard manat çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Hesablamalara əsasən, 2025-ci il iyulun 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi təxminən 15,43 milyard manat təşkil edib.

Əmanətlərin artımı əsasən milli valyutada yerləşdirilən vəsaitlər hesabına baş verib. İyulun 1-nə manatla əmanətlərin həcmi 12 milyard 845 milyon manat olub ki, bu da illik müqayisədə 23% və ya təxminən 2,4 milyard manat artım deməkdir. Bir il əvvəl bu göstərici təxminən 10,44 milyard manat idi.

Xarici valyutada əmanətlərin həcmi isə 4 milyard 978,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır. 2025-ci il iyulun 1-nə xarici valyutada əmanətlər təxminən 4,99 milyard manat təşkil edirdi.

 2026-cı il iyulun 1-nə milli valyutada əmanətlər ümumi əmanətlərin təxminən 72,1%-ni, xarici valyutada əmanətlər isə 27,9%-ni təşkil edib.

Müqayisə üçün, bir il əvvəl manat əmanətlərinin ümumi portfeldə payı təxminən 67,7%, xarici valyutanın payı isə 32,3% idi. Bu, bir il ərzində manat əmanətlərinin payının təxminən 4,4 faiz bəndi artdığını göstərir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti