Image

AQTA bəzi bitki yağları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarına nəzarəti gücləndirib.

Agentliyin apardığı nəzarət tədbirləri zamanı bir sıra xarici istehsalçılara məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb.

Laborator müayinələr zamanı təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün risk yarada bilən emal çirkləndiricisi – 3-MCPD (3-monoxlorpropan-1,2-diol) müəyyən edilib.

AQTA bildirib ki, aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrdəki müəyyən istehsalçılara məxsus bitki yağı məhsullarının Azərbaycana idxalına məhdudiyyətlər tətbiq edilib.

Agentlik bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarları məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.

AQTA nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirib.

3-MCPD yağların yüksək temperaturda emalı zamanı yarana bilən proses çirkləndiricilərindən biridir. Bu maddə qida məhsullarında müəyyən hədlərdən artıq olduqda sağlamlıq baxımından risk yarada bilər. Buna görə bitki yağlarının istehsalı və idxalı zamanı onun miqdarına nəzarət qida təhlükəsizliyinin mühüm istiqamətlərindən biridir.

Mənbə: anews.az

Xəbər lenti